Tağ
Tağ — memarlıqda divarlarda pəncərə və qapı yerlərinin, yaxud iki dayaq (sütun, dirək və s.) arasındakı boşluğun üstünü örtmək üçün əyrixətli örtük konstruksiyası. Yarımdairə, çatma, nalvarı və s. formalarda olur. Daşdan hörülür və ya metal, ağac və dəmir-betondan hazırlanır. Tağ, əsasən, sıxılmaya işləyir və üzərinə düşən şaquli yükləri dayaq, kontrfors və dartqılara (iki dayağa söykənən və dartılmaya işləyən millərə) ötürür. Tağdan binalarda örtüklərin, körpülərdə aşırımların yüksaxlayan elementi kimi istifadə edilir. Konstruktiv sisteminə görə tağ şarnirsiz (oynaqsız) və iki-üç şarnirli (oynaqlı) olur. Layihələndirilmə zamanı tağın əyriliyi, oxları elə götürülür ki, daimi yük altında (tağın öz çəkisi, ona söykənən örtüyün, damın və s. ağırlığı) tağda ancaq sıxıcı qüvvə yaransın. Bu halda onun en kəsiyinin ən az ölçüsü alınır.